Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər:


 -ailə üzvünün əmək qabiliyyətini itirməsi;
 – əmək qabiliyyətli olan ailə üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya   –   -sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi;
– ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması;
– ailənin əmək qabiliyyətli üzvünün “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alması;
– ailə üzvünün vəfat etməsi;
– ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi;
– ailə üzvünün azadlıqdan məhrum edilməsi;
– ailə üzvünün olduğu yerin məlum olmaması.

Ehtiyac meyarı dedikdə əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd nəzərdə tutulur. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində müəyyən olunub.


 

Gəlin nümunəyə baxaq. Məsələn, bir ailə 3 nəfərdən ibarətdir. Ailədə ailə başçısı işləyir, məşğul şəxsdir. Ana 2 yaşında bir uşağa qulluq edir, ondan məşğulluq tələb olunmur və o əmək qabiliyyətsiz sayılır. Bu ailənin 3 üzvü üçün ehtiyac meyarı 3*200 AZN= 600 AZN şəklində müəyyən olunur. Əgər ailə başçısının gəliri 400 manatdırsa, bu zaman ailənin orta gəliri 400 manat olduğu üçün ailəyə ehtiyac meyarı və orta ailə gəliri arasındakı fərq qədər, yəni 200 manat ünvanlı sosial yardım təyin olunur.

 



Sosial yardımın alınması üçün hara və necə müraciət etmək lazımdır?
Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir.
Ailəni təmsil edən şəxs “Elektron hökumət” və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portallarında yerləşdirilmiş “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətindən istifadə edə bilər.
Açılan pəncərədə ailəni təmsil edən şəxsin şəxsiyyət vəsiqəsinin və notarial qaydada təsdiq olunmuş ərizənin nömrəsi daxil edilir. Ailə üzvlərinə aid tələb olunan məlumatlar daxil edildikdən sonra ekranda ailənin orta aylıq gəliri barədə hesablanmış məlumat əks olunur. Sonda isə müraciətin qeydə alınmasına dair bildiriş təqdim olunur. Məlumatlar elektron emal olunduqdan sonra ərizə-bəyannamədə göstərilən məlumatlar maddi-məişət şəraitinin müayinəsində öz əksini taparsa, şəxsin orta aylıq gəliri ilə ehtiyac meyarı arasındakı fərq hesablanaraq ünvanlı sosial yardım təyin olunur.
Elektron formada göndərilmiş müraciət həmin gün qeydiyyata alındıqdan sonra istifadəçinin ekranına və Təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks-əlaqə vasitələrinin birinə VEMTAS 

(Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi ) tərəfindən ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında bildiriş 3 gün müddətində göndərilir. Ərizənin qeydiyyata alındığı tarix ailənin sosial yardımın alınması üçün müraciət etdiyi gün sayılır.

Faydalı linklər:

  1. https://www.e-gov.az/az/services/read/3421/0 (Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi elektron xidməti)

  1. https://www.youtube.com/watch?v=N86QFPwNh6k (Ünvanlı dövlət sosial yardım üçün müraciət qaydasına dair videomaterial)

  1. http://www.e-qanun.az/framework/32084 (Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları)

 




Müəllif: Qədir Qədirli