İstehsalat qəzası və peşə xəstəliyi

Gəlin ilk növbədə istehsalat qəzasının nə olduğuna baxaq.

İstehsalat qəzası işçinin əmək funksiyalarını yerinə yetirərkən aldığı xəsarət və yaxud bu xəsarətdən dünyasını dəyişməsidir.

İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində işçinin əmək qabiliyyətinin dayanıqlı itirilməsi, yaxud ölümü ilə əlaqədar müəssisələrin və təşkilatların maddi məsuliyyəti nədir və nədən ibarətdir?

İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda  bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. 

Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir.

Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir.

 İstahsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sağlamlığının korlanması ilə əlaqədar əmək qabiliyyətini itirmiş işçilərə qanunla müəyyən edilmiş qaydada zərərin ödənilməsindən əlavə, təqsirkar müəssisənin və təşkilatın hesabına, peşəkar əmək qabiliyyətinin itirilmiş hər faizinə görə bir aylıq orta əmək haqqı hesabı ilə, lakin zərərçəkənin orta illik qazancından az olmamaqla birdəfəlik müavinət ödənilir.

İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində işçi öldükdə təqsirkar müəssisə və təşkilat qanunvericilikdə müəyyən edilmiş qaydada və miqdarda maddi zərərin əvəzini buna hüququ olan şəxslərə ödəyir, habelə mərhumun orta illik qazancının ölüm anındakı yaşından 60 yaşınadək qalan tam illərin sayına vurulmuş miqdarda, lakin azı on orta illik qazancı məbləğində birdəfəlik müavinət ödəyir. (Əməyin Mühafizəsi haqqında Qanun)

Əmək qabiliyyətini itirmiş işçilərə və ölən işçilərin ailələrinə birdəfəlik müavinətləri yerli sosial təminat orqanları ödəyir, sonra isə ödənilmiş vəsaiti istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsiri olan müəssisələrdən və təşkilatlardan tuturlar.

 Qeyd Aşağıdakı sənədlər olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir:

  1. istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı);

2.  işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) qərarı və yaxud ölümü haqqında şəhadətnamə.

Xüsusi diqqət yetirilməli məqam odur ki,  təqsirkar işəgötürən istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş, müvafiq həkim məsləhət komissiyası və ya TSEK-in rəyi əsasında müvəqqəti yüngül işə keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərqi ödəyir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək , əlillik  müəyyən edildiyi vaxtadək ödənilməlidir.

 Bəs müəyyən edilmiş müavinət hansı müddətə ödənilməlidir?

zərər çəkmiş işçilərə — istehsalatda əmək xəsarəti nəticəsində əvvəlki peşə əmək qabiliyyətini itirdiyi gündən;

işçinin vəfatı ilə əlaqədar olaraq zərərin ödənilən miqdarını almaq hüququna malik olan şəxslərə – mərhumun vəfat etdiyi gündən, lakin zərərin ödənilən məbləğini almaq hüququnu əldə etdiyi gündən tez olmayaraq.

Bəs təqsirkar müəssisə ləğv olunanda zərərin əvəzi necə ödənir?

 Zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir.

Zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir.

Qeyd: həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslər işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər kateqoriyasına daxildir.

Zərərin ödənilməsi ilə əlaqədar tərəflər arasında mübahisə yaranarsa, bu halda bu mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll edilir.

Müəlliflik hüququ © 2022 Bütün hüquqlar qorunur.