Kimlərin sığorta ödənişi almaq hüququ var? Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi, habelə əmək müqaviləsinin müddətinin qurtarması nəticəsində əmək münasibətlərinə xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işsiz kimi qeydiyyata alınmış şəxslər işsizlikdən sığorta ödənişi almaq hüququna malikdirlər. Bu halda şəxs adı çəkilən Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında və ya “DOST” mərkəzlərində qeydiyyata alınmalıdır. 5 iş günü ərzində vətəndaşa münasib iş təklif olunmazsa və ya işəgötürən tərəfindən vakansiyaya qəbulundan imtina edilərsə, sığorta ödənişinin təyin edilməsi barədə qərar qəbul edilir, sonra şəxs sığorta ödənişi almaq üçün ərizə və ərizəyə tikilməli olan sənədləri təqdim edir və sığorta ödənişi təyin edilir.

Əsas sığorta ödənişinin təyin edilməsi

Şəxs əmək müqaviləsinin müddətinin bitməsi nəticəsində işdən azad olunursa, işsizliyin başlamasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə 35 aydan çox işləyərsə; hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində işdən azad olunursa, işsizliyin başlamasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox işləyərsə, əsas sığorta ödənişi təyin olunur.

Sığorta ödənişinə əlavənin təyin edilməsi

Əgər şəxsin himayəsində 18 yaşına çatmamış uşaq və ya  23 yaşından çox olmamaq şərti ilə əyani təhsil alan tələbə və şagird varsa, onun əsas sığorta ödənişinə hər uşağa görə 5 faiz, lakin 20 faizdən çox olmamaq şərtilə əlavə edilir. Ailədə ər və arvadın hər ikisinə sığorta ödənişi təyin edilərsə, yalnız birinin sığorta ödənişinə əlavə almaq hüququ var.

İşsizliyə görə aylıq sığorta ödənişinin hesablanması

Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi halında sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik əmək qabiliyyətli şəxslərə sığorta stajından asılı olmayaraq, onların itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində sığorta ödənişi verilir. Sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə isə minimum sığorta ödənişi təyin edilir. Minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur. Əmək müqaviləsinin müddətinin bitməsi halında sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə  minimum sığorta ödənişi təyin edilir.

Sığorta ödənişinin ödənilməsi

Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində işdən azad olunan işsiz şəxslərə, ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı 3 ay sığorta ödənişi təyin edilir. Əmək müqaviləsinin müddəti qurtarması maddəsi ilə işdən azad olunan işsiz şəxslərə isə 3 ay müddətində sığorta ödənişi təyin edilir. Həmin şəxslərə təkrar sığorta ödənişinin təyin olunmasına yol verilmir.

İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq aşağıdakı faiz dərəcələrinə mütənasib şəkildə, lakin minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir:

  • ilk 2 təqvim ayı üçün – 100 faiz;
  •  3–4-cü təqvim ayları üçün – 80 faiz;
  • 5–6-cı təqvim ayları üçün – 70 faiz.

Təkrar müraciət zamanı minimum sığorta ödənişi ödənilir. Sığorta ödnişi üçün müraciətə 10 gün ərzində baxılır, sığorta ödənişinin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsi barədə qərar çıxarılır və bu barədə müraciət etmiş şəxsə məlumat verilir.