Başqa işə keçirmə

 Başqa işə keçirmə nədir və necə tənzimlənir?

İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. 

QEYD: İşçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir.

Başqa işçinin əmək funksiyasını necə icra edir?

1. Müəyyən səbəbdən  yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir.

2. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir.

3. Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür.

4. Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilir

əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir.

 Əməyin mühafizəsinin təmin edilməsi üçün iş dayandırıldıqda işçi başqa işə keçirilə bilər. Bu halda işçi azmaaşlı işə keçirilərsə, onun əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı saxlanılır.

Yəni belə nəticəyə gəlirik ki,  işçiyə əmək müqaviləsində nəzərdə tutulan əmək funksiyalarından kənar başqa bir vəzifəyə aid olan əmək funksiyalarını yerinə yetirmək həvalə olunarsa, bu artıq başqa işə keçirmə sayılır. Bəs, başqa vəzifənin əmək funksiyaları necə yerinə yetirilə bilər? Buna misal kimi (Məcəllənin sonrakı maddələrində göstərildiyi formada), işçinin işdə olmaması ilə bağlı müvəqqəti əvəz etməni və yaxud boş vəzifənin əmək funksiyalarının yerinə yetirilməsini qeyd etmək olar. Ən əsası isə işçinin öz vəzifəsinə aid olan əmək funksiyalarının tam dayandırılması, ona başqa vəzifənin əmək funksiyalarının həvalə olunmasıdır. Ona görə də bu zaman ya onun əmək müqaviləsinə əlavələr edilməli, ya da yeni əmək müqaviləsi bağlanmalıdır. Eyni zamanda, əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməlidir və ya yeni əmək müqaviləsi bağlanılmalıdır.

Məsələn:  direktor müavininin şöbə müdiri vəzifəsinə keçirilməsi işçinin başqa işə keçirilməsi kimi qəbul olunur. Yaxşı olar ki, bu zaman onunla yeni əmək müqaviləsi bağlanılsın.

Başqa işə keçirmə daimi və müvəqqəti ola bilər. Daimi başqa işə keçirmə işçinin başqa işə müddətsiz keçirilməsi deməkdir.

Müəssisədaxili başqa işə keçirmə aşağıdakı hallarda baş verə bilər:

  • işçinin razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə;
  • başqa işçinin əmək funksiyasının icrası;
  • işçinin səhhətinə görə;
  • işçinin özünün xahişi ilə;
  • işçinin və işəgötürənin qarşılıqlı razılığı ilə (başqa şöbəyə, vəzifəyə);
  • başqa əraziyə (müəssisə ilə birlikdə köçmə);

Hər bir halda işçinin razılığı mütləq olmalıdır.  

İşçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir.

Misal. İstehsalat zərurəti ilə əlaqədar başqa işə keçirmə.

Müəssisənin dükanlarının birində maliyyə meneceri vəzifəsini icra edən işçi işdən ayrılmışdır. Rəhbərlik baş ofisdə çalışan mühasibi bu dükana müvəqqəti (1 ay müddətinə) maliyyə meneceri vəzifəsinə keçirilməyi məqsədəuyğun hesab edir. Bunun üçün dükanın müdiri müəssisə rəhbərinə xidməti məlumat yazır.

Müəlliflik hüququ © 2022 Bütün hüquqlar qorunur.